Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası
Azərbaycan kitabxanaları Azərbaycan xalqının milli - mədəni sərvəti, yüzilliklərlə ölçülən qədim tarixə malik mədəniyyət ocaqlarıdır. Hər bir xalqın malik olduğu milli-mənəvi, tarixi-mədəni, ədəbi-bədii və elmi-fəlsəfi irsin toplanıb saxlanmasında, qorunmasında, təbliğində və gələcək nəsillərə ötürülməsində bu kitab məbədlərinin – kitabxanaların rolu əvəzsizdir.
100 illik yubileyinin astanasında olan və respublikada gənclər üçün nəzərdə tutulan ən böyük kitabxana olan Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının yaranma tarixi 1928-ci ildə kiçik bir qiraət zalından başlayıb. İllər keçdikcə savadlı, öz işinin peşəkarı olan, fədakar kitabxana mütəxəssisləri və kitab sevərlərin birgə səyi nəticəsində bu kitabxana kiçik qıraət zalının sərhədlərini aşaraq geniş fonda və böyük oxucu kütləsinə malik mütaliə ocağına çevrilib. 1937-ci ildə kitabxanaya Azərbaycan dramaturgiyasının parlaq siması yazıçı-dramaturq Cəfər Cabbarlının adı verilib.
1957-ci ildə kitabxana daha yararlı, yeni və böyük oxucu kütləsinin mütaliəsini təmin edə biləcək geniş imkanlara malik binaya köçürülüb.
Kitabxananın fəal oxucusu, Cəfər Cabbarlının yaxın dostu, aktyor, rejissor Məmməd Əlili bu barədə öz xatirələrində yazır: “1957-ci il mənim üçün ən əziz ildir. Yeni binaya köçdükdən sonra kitabxana sanki yenidən yaranmış, daha da gözəlləşmişdir. Böyük dramaturqumuz Cəfər Cabbarlının adını daşıyan kitabxana mənəvi sənət mülkünə çevrilmişdir.
1958-ci ildə kitabxananın binası bir az da genişləndirilib. Bu barədə məlumat “Kommunist” qəzetinin 1958-ci il 18 mart tarixli nömrəsində “Cəfər Cabbarlı adına kütləvi kitabxananın yeni binaya köçürülməsi, onun oxuculara xidmət şəraitini daha da yaxşılaşdırmışdır”- cümləsi ilə öz əksini tapmışdı.
1976-cı ildə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin 05 fevral 1976-cı il, 34 nömrəli əmri ilə kitabxanaya gənclər kitabxanası statusu verilib.
Bugün Respublika Gənclər Kitabxanası öz ətrafında 17 000-dən çox oxucu kütləsi toplamış, öz ziyarətçilərinə həm ənənəvi, həm də elektron xidmətlər göstərən 8 şöbədən ibarət bir mədəniyyət müəssisəsidir. Kitabxananın fondu özündə Azərbaycan, rus, ingilis və digər xarici dillərdə bütün elm sahələrini, bədii ədəbiyyat və ensiklopedik nəşrləri əhatə edən 169432 nüsxə kitab cəmləyir. Kitabxanada kiril əlifbasından ibarət özündə 4 434 nüsxə kitabı cəmləyən depozitar fond fəaliyyət göstərir. Kitabxananın ən qədim kitabı 1887-ci ilə aiddir.
Kitabxanada avtomatlaşdırılma prosesləri 2009-cu ildən başlamışdır. Kitabxananın elektron xidmətlərinə özündə daim yenilənməkdə olan 6 301 adda 23803 nüsxə çap materiallını cəmləyən elektron kataloq, 10419 ədəd elektron kitabdan ibarət elektron kitabxana, 70-dən çox elektron məlumat bazası, 50-dən artıq nəşr nümunəsi olan dövrü nəşrlərin elektron bazası, 226 ədəd səsli kitab fondu daxildir. Kitabxananın son illərdə yenilənən rəsmi saytı üzərindən oxucular kitabxanaya gəlmədən virtual, elektron sifariş, metodiki xidmət, biblioqrafik sorğu kimi onlayn xidmətlərdən yararlana bilərlər. Gənclər Kitabxanası ənənəvi kitab təminatı ilə yanaşı oxucuları üçün elektron kitabxananın da daim yeni, aktual, elmi, ədəbi ədəbiyyat, dərsliklər ilə yenilənməsi istiqamətində çalışır, belə ki, kitabxananın xüsusi çap maşını vasitəsilə hər ay 50-ə yaxın kitabın elektron versiyası hazırlanır.
Gənclər Kitabxanası fondunun günün tələblərinə, oxucuların mütaliə tələbatına əsasən kompektləşdirilməsi məsələsinə xüsusi həssaslıqla yanaşır, belə ki, kitabxanada iki ildir davam edən və özündə 20-dən çox nəşriyyatla əməkdaşlığı əks etdirən Nəşrlərin satınalınması müsabiqəsi təşkil edilir. İki il ərzində müsabiqə nəticəsində kitabxananın fondu 6000-dən çox kitab ilə komplektləşdirilmişdir. Müsabiqəyə daxil olan kitablar arasında ali məktəb dərslikləri, müxtəlif mövzuları əhatə edən ensiklopediyalar, Azərbaycan və xarici ədəbiyyat nümunələri, Şanlı Zəfər Tarixinə həsr olunan əsərlər üstünlük təşkil edir. Kitabxana kitab təbliğatı istiqamətində sosial şəbəkələrdən virtual təbliğat üsulu kimi geniş istifadə edir. Kitabxananın bu gün gənclərin ən çox toplandığı və istifadə etdiyi sosial şəbəkə platformalarında gündəlik kitab, maraqlı məlumatlar, əlamətdar tarixlər ilə əlaqədar hazırladıqları multimedia məhsullarının paylaşımları ilə ön sıralardadır.
Kitabxanada mütəmadi olaraq müəllif görüşləri, imza günləri, yeniyetmə-gənclərin ədəbi-bədii kompozisiyaları və rəsmlərindən ibarət sərgilər, ekskursiyalar təşkil edilir.
Bu il Xalq şairi Osman Sarıvəllinin 120 illik yubileyi ilə əlaqədar kitabxana biblioqrafiya nəşr etdirmişdir. Göstəricidə şairin kitabları, məcmuə və dərsliklərdə, dövri mətbuatda çap olunmuş əsərləri, həyat və yaradıcılığı haqqında zəngin materiallar toplanmışdır. Biblioqrafiyanın elmi redaktoru və ön söz müəllifi akademik Nizami Cəfərovdur. Biblioqrafiya ədəbiyyatşünas alimlər, tədqiqatçılar, kitabxanaçı-biblioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin işğaldan azad olunmuş ərazilər üzrə şəhər günlərinin təsis olunması ilə bağlı imzaladığı Sərəncama əsasən Respublika Gənclər Kitabxanasında geri qaytarılmış əzəli Azərbaycan torpaqları haqqında virtual kitab sərgiləri, videomateriallar və elektron resurslar bazası hazırlanıb.
Kitabxanada mütəmadi olaraq gənclər üçün poliqrafik və veb dizayn mövzusunda təlimlər, şəhər və rayon MKSlərinin əməkdaşları üçün elektron xidmətlər, AKİSlər mövzusunda treninqlər təşkil edilir.
Təlim-tədris prosesində kitabxana öz əməkdaşlarını da unutmur. Belə ki, 2022-2023-cü illərdə kitabxananın 10 nəfər əməkdaşı kompüter proqramları biliklərinin təkmilləşdirilməsi məqsədilə kitabxananın hesabına tədris kurslarına yönləndirilib. Bu əməkdaşlar müasir kitabxanaların təlabatına cavab verən poliqrafik dizayn, təqdimat proqramlarının tədrisinə cəlb edilib.
Gənclər Kitabxanasının əməkdaşları beynəlxalq və yerli konfranslarda, vebinarlarda, forum və tədbirlərdə iştirak edirlər. Kitabxana Rusiya Dövlət Kitabxanası, İ.F.Varavva adına Krasnodar Vilayət Gənclər Kitabxanası, Rudomino adına Xarici Ədəbiyyat Kitabxanası və digər kitabxanalar ilə əməkdaşlıq edir.
Kitabxananın fəaliyyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Mədəniyyət Nazirliyi tərəfindən həmişə yüksək qiymətləndirilib. Belə ki, bu illər ərzində kitabxanın beş əməkdaşı “Tərəqqi” medalı, doqquz əməkdaşı isə Fəxri Fərman ilə təltif edilib.
Əziz oxucular! 100 yaşın astanasında olan gənclərin kitabxanası müasir texnologiya, sürətli internet xidməti ilə təchiz edilmiş oxu zalı, zəngin fond, ənənəvi və elektron xidmətlər, peşəkar biblioqraf və kitabxanaçılar ilə daim Sizin xidmətinizdədir.